2020-ci il 20 Avqust tarixində saat 11:20-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Astara rayonu, Şiyəkəran kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Open.az-a verilən məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Astara rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Astara rayon Mərkəzi Xəstəxananın Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Astara rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə yol kənarına baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

Əl qumbarasının ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 20 avqust 2020-ci il tarixlərində 257 siqnal (əməliyyat çağırışı) əsasında 232 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Hacıqabul, Xaçmaz, Xızı, Xocavənd, İmişli, Qazax, Quba, Sabirabad, Salyan, Şabran, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərləri ərazisində 28 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq və əkin sahələrinə, məişət tullantıları ərazisinə, qəbirstanlığa, çay sahilinə baxış keçirilmiş, 490 ədəd partlamamış hərbi sursat (PHS), 11 ədəd piyada əleyhinə mina, 25 ədəd tank əleyhinə mina və 18 601 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilmiş, 84 530 kv.m ərazi yerüstü və 13 227 kv.m ərazi yeraltı yoxlanılmışdır.