Xəbər verdiyimiz kimi, Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva İngiltərənin anti-korrupsiya qanununun ilk hədəfinə çevrilib və onun barəsində istintaq başladılıb.

Open.az "The Telegraph"a istinadən xəbər verir ki, Zamirə Hacıyevadan müsadirə edilən sərvət Azərbaycana qaytarıla bilər. Bu barədə Britaniya Cinayətkarlığa qarşı Mübarizə Agentliyinin rəhbəri məlumat verib.

Agentliyin iqtisadi cinayətlər üzrə direktoru Donald Tun da bildirib ki, Ali Məhkəmə 55 yaşlı Hacıyevanın saxta yollarla əldə etdiyi sərvətini ölkəsinə qaytaracaq. Z.Hacıyevanın əri tərəfindən oğurlanmış vəsaitlərlə özünə dəbdəbəli həyat qurduğuna dair iddialar araşdırılır.

Qeyd edək ki, keçmiş bankirin arvadı 10 il ərzində Harrodsda 16 milyon funt-sterlinq xərcləyib. O, həmçinin evinə yaxın ərazidə dükan və qolf meydançası alıb. Araşdırmalar nəticəsində müəyyən olunub ki, 55 milyon funt sterlinq varidatı olan bu ailə 10 il əvvəl Böyük Britaniyada investor vizası alıb.

Onun beşmərtəbəli evi 15 milyon funt dəyərindədir.

Xatırladaq ki, Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva bankirin həbsindən 1 il öncə ölkədən gedib. İstintaqda olan məlumata görə, Z.Hacıyeva Londona qaçıb.

O, 15 noyabr 2014-cü ildə Bakını tərk edib və bu günə qədər də geri qayıtmayıb. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib və barəsində axtarış elan olunub.

Zamirə Hacıyeva mütəşəkkil cinayətkar dəstənin üzvü olmaqda, korrupsiyada - Beynəlxalq Bankdan sənəd təqdim etmədən kredit kartı götürməkdə və həmin kartdan müxtəlif postterminallar və internet ödənişlər vasitəsilə, ümumilikdə 18 milyon manat pul çıxarmaqda ittiham olunub.

Gülnar Qafarlı