Sabirabadda xırdabuynuzlu heyvanları oğurlayan şəxslər saxlanılıb.

Open.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan şəhəri üzrə Regional qrupundan bildirilib.

Belə ki, noyabrın 6-da Sabirabadın Əlicanlı kənd sakini rayon polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus fərdi yaşayış evinin tövləsindən ümumi dəyəri 1640 manat olan 13 baş xırdabuynuzlu heyvanın oğurlanması ilə bağlı məlumat verib.

Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, rayonun Yolçubəyli kənd sakini Atəş Hüseynov və Əlicanlı kənd sakini Mirkamal Səmidov saxlanılıb. Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayəti etiraf ediblər. Oğurladıqları xirdabuynuzlu heyvanlar onlardan maddi sübut kimi götürülərək sahibinə təhvil verilib.

Faktla bağlı Sabirabad RPŞ-ın İstintaq bölməsində araşdırma aparılır.