Tramp administrasiyası bir daha Çini valyuta manipulyatoru adlandırmaqdan yayınıb. Lakin prezident Çin və beş digər ölkəni nəzarət siyahasında saxlamaqda davam edəcəyini deyib.

Open.az xəbər verir ki, Konqresə ünvanladığı hesabatda ABŞ maliyyə naziri Stivin Mnuçin deyib ki, Almaniya, Hindistan, Yaponiya, Cənubi Koreya və İsveçrə ilə yanaşı Çin də valyuta təcrübəsinə diqqət yetirilməsi tələb edilən ölkələr siyahısındadır.

Dövlətlər dünya bazarında satdıqları mallarının və xidmətlərinin dəyərini ucuz saxlamaq üçün süni şəkildə mübadilə faizlərini aşağı tutmaqla valyutalarını manipulyasiya edir.

Bu isə ticarət tərəfdaşlarını və digərlərini əlverişsiz mövqeyə qoyur.

Prezident Donald Tramp kampaniyası boyu prezident olduqdan sonra Çin valyutasını manipulyasiya etməkdə təqsirləndirəcəyini deyib. Lakin indiyədək bunu etməkdən yayınıb.

Əvəzində Tramp Çindən gələn mallara milyardlarla dollar tariflər tətbiq edib.