Tanınmış rejissor Arif Qazıyevin adının keçdiyi 300 minlik dələduzluq iişində təqsirləndirilən Əziz Əbdüləzizin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Open.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçək şəxsin nümayəndəsi İlhamə Həsənova vəsatət qaldıraraq iş üzrə Ziyaddin Dadaşov, Cəlal Ömərov və Abbas Rüstəmovun əlavə şahid qismində məhkəmədə dindirilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili isə televiziya rejissoru, ssenarist Arif Qazıyevin məhkəmədə əlavə şahid qismində dindirilməsini tələb edib.

Hər iki vəsatət təmin edilib.

İttiham aktına əsasən, Ə.Əbdüləziz aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tikinti işləri ilə məşğul olan tanışı, "ALFA LTD" şirkətinin rəhbəri İxtiyar Həsənova məktəb tikintisi işlərini tender yolu ilə alıb ona verəcəyinə dair yalan vəd verib.

Belə ki, o, İ.Həsənovdan 2011-ci ildə 50 min manat pul alıb. Bu pulun 25 min manatını sonradan geri qaytarıb, qalan hissəsini isə dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, Ə.Əbdüləziz Türkiyədən gətirilmiş plastik borularla yüklü 40 ədəd "TIR" tipli avtomaşını gömrük rüsumundan müəyyən qədər azad edəcəyini və tez bir zamanda sərhəddən buraxdıracağını vəd edərək, İ.Həsənovdan 300 min manat məbləğində pul alıb. Lakin o, vədinə əməl etməyərək, zərərçəkmişi növbəti dəfə aldadıb.

Xatırladaq ki, cinayət işi üzrə Azərbaycan televiziya rejissoru, ssenari müəllifi Arif Qazıyevin də adı şahid qismində keçir.

Səlcuq Elçin