Bakıda taski sürücüsünü öldürməyə cəhddə təqsirləndirilən Elyar Osmanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Open.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən Elyar Osmanov barəsində olan Cinayət Məcəlləsinin 29.120-(öldürməyə cəhd) maddəsi 126.1-ci(qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib və o 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il martın 7-də Binəqədidə baş verib. Rayonun Məhəmməd Əmin Rəsulzadə qəsəbəsinin Azadlıq prospektində 1980-ci il təvəllüdlü Xaliq Kələntərov bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, taksi fəaliyyəti ilə məşğul olan Xaliq Kələntərov müştərisi ilə hesab üstündə dava edib. Cinayəti törədən şəxs hadisə yerindən qaçıb.

Polisin keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Elyar Osmanov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Səlcuq Elçin