Şamaxıda bir nəfəri güllələməkdə, bir nəfəri bıçaqlamaqda təqsirli bilinən Nadir Surxayev və Samir Cəbrayılovun cinayət işi üzrə aparılan ibtidai istintaq başa çatıb.

Open.az-ın məlumatına görə, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası yaxın günlərdə bilinəcək.

Qeyd edək ki, hadisə ötən il iyunun 7-də şəhərin Axundov küçəsində qeydə alınıb.

Şamaxı şəhər sakini, 1994-cü il təvəllüdlü Ceyhun Əlibala oğlu Qədimov ona naməlum şəraitdə açılan atəş nəticəsində sol əl nahiyəsindən güllə yarası alıb. Həmin hadisə zamanı C.Qədimovun yanında olan əmisi, şəhər sakini Elxan Əlibaba oğlu Qədimov isə qarınının ön divarı nahiyəsindən bir bıçaq zərbəsi alıb. Hər iki yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. E.Qədimova ilkin tibbi yardım göstərilib, əməliyyat olunan xəstənin vəziyyəti kafidir. C.Qədimov isə evə buraxılıb.

Hadisəni törətməkdə təqsirli bilinən şəhər sakinləri Nadir Surxayev və Samir Cəbrayılov saxlanılıb.

Səlcuq Elçin