Yanvarın 22-də daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2018-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Open.az-ın məlumatına görə, müşavirəni giriş sözü ilə açan nazir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən quruculuq işləri, uğurla davam etdirilən hüquq mühafizə siyasəti, ictimai münasibətləri tənzimləyən mexanizmlərin təkmilləşdirilməsi, bütün bunlarla əlaqədar Nazirlik tərəfindən icraya yönəldilən əmr və göstərişlər paytaxt polisinin fəaliyyətinə də öz müsbət təsirini göstərib.

O, hesabat dövründə çoxsaylı beynəlxalq və respublika əhəmiyyətli kütləvi tədbirlərdə ictimai asayişin və təhlükəsizliyin etibarlı təmin edildiyini, mümkün təxribat hallarının qarşısının vaxtında alınması üçün bütün zəruri tədbirlərin həyata keçirildiyini xüsusi vurğulayıb.

Sonra Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov hesabat dövründə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmini, xidməti fəaliyyətin digər istiqamətlərində görülmüş işlər, əldə olunmuş nəticələr və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib.

Baş İdarənin rəisi, eyni zamanda, xidməti fəaliyyətdə mövcud olmuş nöqsanlara da toxunaraq onların aradan qaldırılması ilə əlaqədar görülən işlər və qarşıda duran vəzifələr haqqında geniş məlumat verib.

Məruzə ətrafında çıxış edən aidiyyatı struktur qurumlarının və rayon polis idarələrinin rəisləri hesabat ilində əldə olunmuş müsbət nəticələri, yol verilmiş nöqsan və çatışmazlıqları qeyd edərək, onların aradan qaldırılması üçün həyata keçiriləcək tədbirləri diqqətə çatdırıblar.

Müşavirəyə yekun vuran nazir ötən il paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki fəaliyyətini ümumən müsbət qiymətləndirib, konkret tapşırıq və tövsiyələrini verib.

O da nəzərə çatdırılıb ki, fəaliyyətin təkmilləşdirilməsinə, analitik işin, idarəçilik və təşkilatçılıq fəaliyyətinin günün tələbləri səviyyəsinə yüksəldilməsinə, yeni informasiya texnologiyalarının xidməti fəaliyyətdə geniş tətbiqinə yönəlmiş tədbirlər cari ildə də səmərəli şəkildə həyata keçirilməlidir.

Xüsusi qeyd olunub ki, hər bir əməkdaş şərəfli polis adını, dövlətin və vətəndaşların qanuni mənafelərini, vəzifə borcunu daim uca tutmalı, etik davranış qaydalarına ciddi riayət etməlidir. Xidməti fəaliyyətdə başlıca məqsəd isə vətəndaş məmnunluğunun təmin edilməsi olmalıdır.

Bu gün qanunla müəyyən edilmiş vəzifələrin uğurla yerinə yetirilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bütün lazımi şəraitin yaradıldığını, şəxsi heyətin böyük dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayan general-polkovnik Ramil Usubov əmin olduğunu bildirib ki, ölkə başçısının bu ali diqqətinə və etimadına cavab olaraq Bakı şəhər polis orqanlarının şəxsi heyəti üzərinə düşən vəzifələri bundan sonra da əzmlə yerinə yetirəcək, əldə edilmiş müvəffəqiyyətlərdən arxayınlaşmayaraq xalqa, dövlətə ləyaqətlə xidmət edəcəkdir.