“Yeganə” şadlıq sarayının rəhbərinə qarşı dələduzluq etməkdə təqsirləndirilən Elnur Babayevin cinayət işi üzrə məhkəmə davam edib.

Open.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə vəkil Lyudmila Rəhimova şahid qismində ifadə verib.

Şahid bildirib ki, ölümlə nəticələnən qəza törədən Rəhim Rəhimovun vəkili olub: “Elnur Babayevin 10 min manata ekspertiza rəyi almasından xəbərim vardı. Akif Rəhimovla Elnur arasında olan danışıqları sonrada xəbərdar olmuşam. Elnurun 10 min manata qəzada ölən şəxsin sərxoş olması ilə bağlı ekspertiza rəyi alacağını eşitsəm də buna inanmadım. Pulun alınıb-verilməsindən xəbərim olmayıb”.

Prosesdə hakim elan edib ki, zərərçəkmiş kimi tanınan Akif Rəhimov məhkəmə iclasına gəlməyib.

Onun barəsində məcburi gətirilmə qərarı çıxarılıb. Dəfələrlə dəvət edilməsinə baxmayaraq çağırışlara məhəl qoymayan Akif Rəhimov polis vasitəsi ilə məhkəməyə gətiriləcək.

Məhkəmə prosesifevralın 15-də davam edəcək.

İttihama görə Elnur Babayev iş adamı Akif Rəhimovdan ümumilikdə 52500 manat pul alıb. Həmin pulun qarşılığında isə Elnur Babayev Akif Rəhimovun oğlunun törətdiyi ölümlə nəticələnən qəzanı örtbas edəcəkmiş. Belə ki, Elnur Babayev iş adamına vəd edib ki, qəza zamanı dünyasını dəyişən qadının sərxoş olması ilə bağlı ekspertiza rəyi alacaq. Həmçinin Elnur Babayev müstəntiq Vüqar Abbasov vasitəsi ilə işi Akif Rəhimovun oğlunun xeyrinə həll edəcəyini vəd edib. 10 min manatı ekspertiza rəyi, 42500 manatı isə həm onların xeyrinə danışacaq şahidlərin tapılmasına, həm də qəzanın Rəhim Rəhimovun yox, onların sürücüsünün adına rəsmiləşdirilməsini həll edəcəkmiş. Lakin Elnur Babayev vədlərinə əməl etməyib. Qəza hadisəsi ictimailəşdiriləndən sonra müstəntiq Vüqar Abbasov işdən çıxarılıb. V.Abbasov Səbail Rayon Polis İdarəsinin müstəntiqi vəzifəsində çalışıb. İndi isə onun ölkədən qaçdığı bildirilir.

Xatırladaq ki, 2017-ci ilin noyabrın 8-də Səbail rayonu ərazisində “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub. K.Əkbərova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Qəzanı törədən sürücü Akif Rəhimovun oğlu Rəhim Rəhimov olub. 18 yaşı tamam olmayan Rəhim kluba gedərkən həmin qəzanı törətmişdi. Lakin qəzadan sonra hadisə yerinə Rəhimovlar ailəsinin sürücüsü Əmrulla Şahbazov gəlib və qəzanı özünün törətdiyini deyib.

Bakı Apellyasiya Məhkəməsi R.Rəhimovun cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində keçirməsi barədə qərar qəbul edib. O, azadlığa buraxılıb və cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xatırladaq ki, qəzanı törədən 17 yaşlı R.Rəhimov iş adamı, “Xırdalan Xəz” ASC-nin rəhbəri Akif Rəhimovun oğludur. Akif Rəhimov “Yeganə” şadlıq sarayının rəhbəridir. O, deputatlığa namizəd də olub. Qəzada ölən K.Ələkbərova isə şəhid Elton Ələkbərovun qızıdır.

Səlcuq Elçin