Qəbələ Rayon Polis Şöbəsinə (RPŞ) vətəndaşa məxsus şəxsi təsərrüfatdan naməlum şəxs və ya şəxslər tərəfindən 12 baş qoyunun oğurlanması barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Open.az-a verilən məlumata görə, daxil olan müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xırdabuynuzlu heyvanları oğurlayan şəxslərin rayonun Kürd kənd sakinləri, əvvəllər də oğurluğa görə məhkum olunmuşlar - Məhəmməd Məmmədxanov və Anar Aslanov, həmçinin Ağdam rayon sakini Vahid Qəhrəmanov olduğu müəyyən edilib.

Onlar şübhəli şəxs qismində saxlanılıb və törətdikləri cinayət əməlini etiraf ediblər.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər heyvanları oğurladıqdan sonra A.Aslanova məxsus həyətyanı sahədəki tövlədə gizlədiblər. Xırdabuynuzlu heyvanlar həmin yerdən götürülərək sahibinə geri qaytarılıb.

Faktla bağlı Qəbələ RPŞ-də araşdırma aparılır.