Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti ölkənin ərazi sularında dörd azərbaycanlını saxlayıb.

Open.az bu barədə ölkənin Sərhəd Xidmətinə istinadən məlumat verir.

Qeyd olunur ki, insident yanvarın 21-dən 22-ə keçən gecə baş verib:

““Sərbaz” sərhəd gəmisi Xəzərin dəniz hüdudlarında xidmət apararkən radiolokasiya stansiyası ilə hədəf aşkar edib. Sərhədçilər beynəlxalq kanallarla sual göndərdi, amma hədəf cavab vermədi. Nəticədə “Sərbaz” hədəfə doğru yollandı”.

Məlumata əsasən, dayanmaq tələbinə cavab verməyən qayıq cənub-qərb istiqamətində uzaqlaşıb. Bununla əlaqədar sərhəd gəmisi təqibə başlayıb:

“Nəticədə sərhədçilər 1971, 1975, 1978 və 1983-cü il təvəllüdlü dörd Azərbaycan vətəndaşını saxlayıblar. “Qazaxıstan Respublikası dövlət sərhədinin qəsdən qanunsuz keçilməsi” maddəsi ilə ilkin istintaq başlayıb”.