Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlərin binasında baş verən yanğınla bağlı məlumat yayıb.

Dövlət Komitəsinin Mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, bu gün səhər Bakı şəhərinin Sabunçu rayonunda, Zabrat qəsəbəsi ərazisində beş məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı birmərtəbəli tikilidə yanğın baş verib: "Yanğın barədə məlumat alandan dərhal sonra Dövlət Komitəsinin məsul əməkdaşları hadisə yerində olublar. Yanğın nəticəsində müvəqqəti məskunlaşma yerləri yararsız vəziyyətə düşən məcburi köçkünlər siyahıya alınıblar.

Hazırda yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən araşdırılır. Yanğının tikilidəki boş otaqlardan birində başlanması müəyyən şübhələrə əsas verir. Yalnız obyektiv araşdırmadan sonra, Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında hadisəyə hüquqi qiymət veriləcək.

FHN-nin məlumatına görə, ümumi sahəsi 1140 kvadratmetr olan, arakəsmələri taxta konstruksiyalardan ibarət tikilinin yanar konstruksiyaları 670 kvadratmetr sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub".

Dövlət Komitəsi yanğından zərər çəkən ailələrə Qaradağ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış “Ümid” qəsəbəsində yeni mənzillər təklif edəcək.