Səbail rayonunda yerləşən Ticarət Mərkəzlərindən birində qızıl alqı-satqısı dükanından oğurluq edilib.

Open.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, zərərçəkən sahibkar polisə müraciət edərək dəyəri 2 min manat olan üzüyün naməlum şəraitdə oğurlandığını bildirib.

Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsindən qeyd edilən hadisəni törədən əvvəllər məhkum olunmuş paytaxt sakini Elvin Məmmədzadə saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edərək oğurladığı üzüyü metronun Memar Əcəmi stansiyasının yaxınlığında satdığını bildirib. Qeyd edək ki, Elvin Məmmədzadənin obyektdən oğurluq etməsi mağazanın müşahidə kameraları vasitəsilə də anban lentə alınıb.

E.Məmmədzadə barəsində 39-cu Polis Bölməsində toplanan materiallar araşdırılmasi üçün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində göndərilib. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Səbail Rayon Polis İdarəsi və ya 39-cü Polis Bölməsinə müraciət edə bilərlər.