Qazax rayon Polis Şöbəsində baş verən ölüm işinə görə həbs edilən polis əməkdaşı İlham Süleymanovun barəsindəki qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.

Open.az-ın məlumatına görə, Nəsimi rayon Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsin vəsatəti təmin edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Baş prokurorluq birinci instansiya məhkəməsinin qərarından apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv olunub və İ.Süleymanov yenidən həbs edilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, Elmir Axundovun Qazax rayon Polis şöbəsində vəfat etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb. Aparılmış istintaqla Kərim Əhmədovun Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dəlalət edən ilkin sübutlar toplandığından o, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq zamanı həmçinin rayon Polis şöbəsinin növbətçi hissəsinin məsul növbətçisi İlham Süleymanovun Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə şübhələr üçün kifayət qədər əsaslar olduğundan şübhəli şəxs qismində saxlanılıb. Daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.

Səlcuq Elçin