Xalq artisti, aktrisa Leyla Şıxlinskayanın rəhbərlik etdiyi “Leyla Şıxlinskaya” klinikasının külli miqdarda pulunu mənimsəmədə təqsirləndirilən klinikanın sabiq işçiləri - baş mühasib Şəhla Abbasova, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva və Yelena Abdullayeva cinayət işi üzrə məhkəmə prosesi davam edib .

Open.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, L. Şıxlinskayaya vurulan ziyandan 56 min manat ödənilib. Bu pul depozit hesaba köçürülüb. Sonra təqsirləndirilən şəxslər son söz üçün məhkəmədən vaxt istəyiblər.

Qeyd edək ki, Prokuror Şəhla Abbasovanın 9 il, Yelena Abdullayevanın 2 il, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyevanın isə 5 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə iclas zalındq həbsə alınmasını istəyib. Xatırladaq ki, həmin şəxslər Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddələri ilə ittiham olunurlar. Klinikanın keçmiş işçiləri Leyla Şıxlinskayanın hüquq-mühafizə orqanlarına dörd il əvvəlki şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunublar. Xalq artisti onları klinikanın kassasından 700 min manatlıq mənimsəmədə günahlandırır. Bu iş üzrə istintaqı əvvəlcə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, daha sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi aparıb.

Səlcuq Elçin