Fövqəladə Hallar Nazirliyi (FHN) Lənkəranda baş verən yol qəzası barədə məlumat yayıb.

Open.az-ın xəbərinə görə, Nazirliyin saytında yerləşdirilən məlumatda bildirilir ki, FHN-in "112" qaynar telefon xəttinə Lənkəran şəhərinin Girdəni kəndində “Volvo” və “QAZel” markalı iki yük avtomobilinin toqquşması nəticəsində yanğın hadisəsinin baş verdiyi barədə məlumat daxil olub.

Hadisə yerinə Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Yanğın nəticəsində “QAZel” markalı yük avtomobilinin mühərrik hissəsi, kabinəsi və banında olan 3 ton arpanın 1,5 tonu yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) yanmış meyiti xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.