Lənkəran rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Open.az xəbər verir ki, hadisə Lənkəran-Boradigah yolunun Veravul kəndi ərazisində baş verib.

Belə ki, kənd sakini, 1930-cu il təvəllüdlü Fərman Feyzi oğlu Qurbanov yolu keçərkən "VAZ-2104" markalı avtomobil tərəfindən vurulub.

Hadisəni törədən Separadi kənd sakini, 1987-ci il təvəllüdlü Hünər Ərəstun oğlu Rzayev yaralını idarə etdiyi 42-BR-872 dövlət qeydiyyat nişanlı avtomobili ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

F.Qurbanov reanimasiya şöbəsinə yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.