Zaqatala rayonunda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub.

Bu barədə Open.az-a DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Məlumata görə,Zaqatala Rayon Polis Şöbəsinə rayonun Yuxarı Tala kəndində yerləşən 3 evdən qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerlərinə baxış keçirilib. Zərərçəkmişlərə məxsus evlərdən ümumi dəyəri 8000 manata yaxın olan qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuş 22 yaşlı Əhməd Məmmədov saxlanılıb. Araşdırma zamanı Ə.Məmmədovun həmin qızıl-zinət əşyalarını oğurladıqdan sonra dəyərindən ucuz qiymətə Zaqatalada qızıl alqı-satqı yerlərinə satdığı, əldə etdiyi gəliri isə özünün əyləncəsi üçün xərclədiyi müəyyən olunub. Saxlanılan şəxsin yaşadığı evdən isə oğurladığı qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı Zaqatala RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Ə.Məmmədovun digər cinayət əməllərində iştirakının olub-olmaması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.