İsmayıllı rayonunun Qoşakənd kənd sakini Daxili İşlər Nazirliyinin (DİN) “102” Zəng Mərkəzi Xidməti ilə əlaqə saxlayaraq ona məxsus həyətyanı sahədə yerləşən tövlədən 3 baş xırdabuynuzlu heyvanın oğurlanması barədə məlumat verib.

DİN-in Mətbuat Xidmətindən Open.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin qoyunları oğurlayan şəxslər, zərərçəkmişin həmkəndliləri Amid Nurməmmədov və bir yeniyetmə saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, həmin şəxslər oğurladıqları heyvanları İsmayıllı rayon sakini Şəfaqət Hüseynova və Göyçay rayon sakini İlkin Kazımova satıblar. Ş.Hüseynov və İ.Kazımov həmin heyvanların cinayət yolu ilə əldə edildiyini bilə-bilə aldıqlarına görə, onlar da şübhəli şəxs qismində saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.