“Ermənistan tərəfindən açıq şəkildə, hər hansısa hərbi zərurət olmadan, alçaqcasına Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə bu hücum həyata keçirilib. Onlar bilərəkdən mülki insanların sıx şəraitdə yaşadığı yerə “Toçka-U” raketi ilə zərbə endiriblər. Bu hücum Ermənistan ərazisindən gerçəkləşib. Bizim qarşımızda alçaq, şərəfsiz, bütün mənəvi dəyərlərdən kənar olan bir düşmən var".

Open.az xəbər verir ki, bunları Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev söyləyib.

“Demək olar ki, Ermənistan bununla ilk növbədə ATƏT-in Minsk qrupunun həmsədrləri və Rusiyanın fəaliyyətinə öz hörmətsizliyini göstərib. Biz gözləyirik ki, həmin vasitəçilik missiyasını gerçəkləşdirən tərəflər özlərinə bu hadisələrə qiymət versinlər. Ermənistanın sülh haqqında danışıqlarının yalnız riyakarlıqdan başqa bir şey olmadığını açıq şəkildə nümayiş etdirdilər ki, bunu da beynəlxalq ictimaiyyət görməlidir”, - o qeyd edib.

Hikmət Hacıyevin sözlərinə görə, Minsk qrupu həmsədrlərindən Gəncədəki hadisələrə bir reaksiya gəlməyib:

“Onlar üçün, yəqin bu gün bazar günüdür. Amma bu bazar günündə Azərbaycan xalqına qarşı növbəti bir cinayət, növbəti bir genosid aktı törədilib”.

Hikmət Hacıyev bildirib ki, Ermənistan Qarabağ bölgəsinə xeyli sayda silah-sursat cəmləşdirib:

“Konkret fakt bundan ibarətdir ki, Azərbaycan Silahlı Qüvvələri ərazilərimizin bir hissəsini azad edib. Çox çətin bir şəraitdə, qarışbaqarış, addımbaaddım getmişik. Əməliyyat şəraitini də nəzərə almaq lazımdır. Ora o qədər silah-sursat yerləşdirilib, özümüz də çox yaxşı bilirik ki, Ermənistan bunları hədiyyə olaraq alır. Coğrafi baxımdan kiçik olan ərazidə Ermənistan tərəfindən böyük sayda silah-sursat cəmlənib”.