Gəncədə yağan güclü yağışın səbəb olduğu fəsadlar aradan qaldırılır.

Open.az-ın məlumatına görə, ötən gün səhər saatlarından yağan güclü yağış Gəncədə bir sıra fəsadlar törədib.

Şəhərin Məhsəti Gəncəvi qəsəbəsi və Gülüstan yaşayış massivində yağış suları evlərin zirzəmisinə dolub və həyətləri su basıb. Yaranmış problemin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən təxirəsalınmaz tədbirlər görülüb. Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncə Regional Mərkəzinin əməkdaşları gün ərzində sözügedən ərazilərdə evlərin zirzəmilərinə dolan suyun çəkilməsi istiqamətində iş aparıblar.

Gecə saatlarında yenidən yağmağa başlayan güclü yağış işin gedişatına maneə törədib. Bununla belə aidiyyəti qurumlar fəaliyyətlərini davam etdiriblər.

İyulun 11-dən 12-sinə keçən gecə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, müavinləri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin, “Azərsu” ASC-nin və FHN-nin mümayəndələri yağışdan ziyan çəkmiş ərazilərdə olublar. Mövcud vəziyyət və işlərin gedişatı ilə maraqlanan şəhər rəhbəri, fəsadların aradan qaldırılması istiqamətində tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, yaranmış problemlərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında Fövqəladə Hallar Komissiyası gücləndirilmiş iş rejimində çalışır. Evlərə və həyətlərə dolan sular FHN-nin xüsusi qurğuları vasitəsi ilə çəkilir. Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları da işlərə cəlb olunublar. Güclü yağışın yol açdığı fəsadlar tam aradan qaldırılanadək müvafiq qurumlar öz fəaliyyətlərini fasiləsiz davam etdirəcəklər.