Göyçay rayonunda abort zamanı dünyasını dəyişən qadının şəxsiyyəti məlum olub.

Open.az-ın "Report"un Şirvan bürosuna istinadən xəbərinə görə, bu, Astara rayon sakini, 28 yaşlı Nurlanə Əliyevadır.

Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Bilalov "Report"un yerli bürosuna açıqlamasında qadının ağır vəziyyətdə tibb müəssisəsinə gətirildiyini deyib: "Nurlanə Əliyeva xəstəxanaya daxil olarkən hamiləliyinin, təxminən, 15 həftəliyində olub. Ona xəstəxananın Doğum şöbəsində lazımi tibbi yardım göstərilib. Lakin kəskin qanaxması olduğundan həkimlər hamiləliyin sonlandırılması qərarını veriblər. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bu, N.Əliyevanın üçüncü hamiləliyi olub və bundan əvvəl iki dəfə qeysəriyyə üsulu ilə uşaq dünyaya gətirib. Qadın ailəsi ilə bir neçə gündür Göyçaya gəlibmiş, həyat yoldaşı da çobanlıq edirmiş.

Faktla bağlı araşdırma aparılır.