Azərbaycanda gömrükçülər mobil telefonların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısını alıb.

Belə ki, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşına məxsus “Kia Optima” markalı avtomobil saxlanılıb.

Yoxlama zamanı avtomobilin salonunda – ön oturacaqların arxa ciblərində gömrük orqanına bəyan olunmayan “Samsung” markalı altı ədəd mobil telefon aşkarlanıb.

Digər bir məlumat əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşına məxsus “QAZ 31105” markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin salonunda gömrük orqanına bəyan olunmayan “Samsung” və “Xiaomi” markalı səkkiz mobil telefon aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.