Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, general-mayor Emin Şəkinskinin keçmiş qaynı Fərid Yusubun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Open.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

F.Yusub özünü təqsirli bilmədiyini deyib.

Daha sonra ona sərbəst ifadə verməsi təklif olunub. Lakin F.Yusub ifadə verməkdən imtina edib. Bildirib ki, istintaqda ifadə verməyib, heç bir sənədə də qol çəkməyib.

Məhkəmədə onun 2018-ci ilin avqust ayının 18-də ibtidai istintaqa verdiyi ifadəsi elan olunub.

F.Yusub dindirilən zaman vurğulayıb ki, bacısı Gülnarə Şəkinskaya keçmiş həyat yoldaşı Emin Şəkinski ilə 1998-ci ildə evlənib, 2008-ci ildə isə ayrılıb, onların ailə məsələlərinə qarışmayıb: "İttihamda qeyd edilən şəxslərdən yalnız bacım Gülnarəni tanıyırdım, digər şəxslərlə əlaqəm olmayıb. Bacım isə ölkəni tərk etməsi barədə mənə heç bir məlumat verməmişdi. Hənin evdən aparılan 60 min manat pul isə bacım Gülnarənin özünün olub. Bunun Emin Şəkinskiyə heç bir əlaqəsi yoxdur".

O, hakimin suallarını cavablandırarkən deyib ki, 2014-cü ildə bacısı Gürcüstanda olan zaman onunla əlaqə saxlayıb, sonra Belarusdan onun yanına gəlib: "Lakin bacım ölkəni necə tərk etdiyi barədə mənə heç nə demədi. Bir müddət sonra Rusiyada həbs edildim. Həmin zaman bildim ki, bacımın işi üzrə ittiham edilirəm. Həbsimdən 1 il sonra Azərbaycana ekstradisiya edildim. Rusiyada evlənmişəm, 3 uşağım var".

F.Yusub istintaqa verdiyi ifadəsinin bəzilərini xatırlamadığını deyərək bacısı ilə Gürcüstanda görüşməsini təsdiqləyib.

F.Yusub prokurorun ona verdiyi suallardan da imtina etdiyini, ittihamları rədd etdiyini bildirib.

Məhkəmənin növbəti iclası yanvarın 18-nə təyin edilib.

Qeyd edək ki, Gülnarə Şəkinskaya keçmiş həyat yoldaşı E.Şəkinskinin evindən 60 min manat pul oğurlamaqda ittiham olunur. G.Şəkinskaya, eləcə də onun övladları - Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskayalar dövlət sərhədini qanunsuz keçiblər.

Pənah Dadaşov, Namiq Camalov, Raqub İsbəndiyarov, Zeynəb Cəfərova, Şəfiqə Bağırova, Saçlı Həsənova, Pərvin Dadaşov, Rəvanə Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adəm İsgəndərov və Ənnab İsgəndərov isə onlara yardım etməkdə günahlandırılırlar. Həmin şəxslərin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Cinayət işində adları hallanan G.Şəkinskaya, onun qardaşı F.Yusub və Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev barəsində axtarış elan olunub.

“İnterpol” xətti ilə beynəlxalq axtarışda olan F.Yusub xarici ölkədə saxlanılıb və Azərbaycana təhvil verilib.

F.Yusub ölkəyə gətirildikdən sonra barəsində həbs qətimkan tədbiri seçilib, müddət başa çatdıqda isə məhkəmə prokurorluğun müddətin uzadılması ilə bağlı təqdimatı təmin etməyib. F.Yusub barəsində heç bir qətimkan tədbiri seçilməyib və o, azadlıqda qalıb.

O, Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunur.

Zərərçəkmiş qismində E.Şəkinski tanınır.

Səlcuq Elçin