Vətəndaşlar barədə rüsvayedici və böhtan xarakterli məlumatlar yaymaqda təqsirləndirilən “Realliq.info” saytının baş redaktoru İkram Rəhimov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı müraciətinə baxılıb.

Open.az-ın məlumatına görə, Səbail rayon Məhkəməsində keçirilən prosesdə onun müraciəti təmin edilməyib.

Jurnalist qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verib.

Bakı Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, İkram Rəhimov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.

DTX-ın yaydığı məlumata görə, Azərbaycan vətəndaşı Rəhimov İkram Rafiq oğlunun tabeçiliyində olan şəxslərlə birlikdə “Realliq.info” və digər “reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.

Bildirilib ki, məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə İkram Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb.

İkram Rəhimov oktyabrın 26-da Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq, cinayət məsuliyyətinə cəlb edilib.

Səlcuq Elçin