Dövlət Gömrük Komitəsi ötən gün sosial şəbəkələrdə Ermənistanda istehsal olunan siqaretlərin ölkə ərazisində satıldığına dair yayılan video haqda məlumat yayıb.

Qurumdan Open.az-a daxil olan məlumatda deyilir:

“Həmin videonu qeydə alan, kimliyi barədə hər hansı məlumat verilməyən şəxs Sabirabad rayonundakı mağazalardan birindən Ermənistan istehsalı olan siqaret aldığını iddia edir və tütün məmulatının ölkə ərazisinə gətirilməsinə görə gömrük orqanlarını günahlandırır. Qeyd edək ki, bir sıra media qurumları Dövlət Gömrük Komitəsinin rəsmi münasibətini öyrənmədən videonu yayımlayıb, üstəlik müvafiq cavab hazırlanması üçün araşdırma aparılması məqsədilə videonu qeydə alan şəxs barədə gömrük orqanlarına informasiya verməkdən imtina edib. Buna baxmayaraq DGK-nın aidiyyəti qurumları tərəfindən Sabirabad və ətraf rayonlardakı mağazalarda, topdan və pərakəndə satış məntəqələrində aparılan ciddi araşdırma zamanı Ermənistan istehsalı tütün məhsullarının satışı aşkar edilməyib.

Ermənistanla ölkəmiz arasında hər hansı ticarət əlaqəsindən söhbət gedə bilməz və bu ölkədə istehsal edilən məhsulların ölkə ərazisinə gətirilməsi qəti qadağandır. Komitənin müvafiq qurumları bu barədə mütəmadi məlumatlar yayır və Ermənistan mənşəli məhsulların gömrük-keçid məntəqələrində aşkar olunaraq məhv edilməsi barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır”.