Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin təhlükəsizlik üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Open.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Ceyhun Orucov ifadə verib.

Zərərçəkmiş bildirib ki, 15-ci palatada yatıb: "Həkimim Fuad Dadaşov idi. Təqsirləndirilən şəxslərdən Məmmədi və Afət xanımı tanıyıram. Hadisə günü səhər saat 6-yə işləmiş yuxudan oyanıb, tualetə getdim. Qayıdanda çöldən yanğın səsi eşitdim. Çöldə mühafizəmi ilə tanımadığım bir xəstə var idi. Butulkadakı su ilə yanğını söndürməyə gürdim, lakin çox tüstü idi. Təz mənimlə eyni palatada yatan Fəridi oyatdım, sonra 18-ci otaqda olan bir xəstəni nə qədər elədimsə, qalxmadı. Digər xəstələrə də yardım etmək mümkün olmadı".

C.Orucov qeyd edib ki, hadisədən sonra yanğının qısaqapanmadan baş verdiyini eşidib. Hakim zərərçəkmişin ifadələri arasında ziddiyətlər olduğunu bildirib.

Məhkəmədə C.Orucovun ibtidai istintaqa verdiyi ifadəsi elan olunub.

M.Abdullayevin vəkili Elnur Salmanov vəsatət qaldıraraq Mərkəzdə işlərin güdişinə, təhkükəsizlik qaydasına və həmin Mərkəzin xidmətə yararlığına Səhiyyə Nazirliyindən nəzarət edən vəzifəli şəxsin dindirilməsinin zəruri olduğunu istəyib.

Vəsatət təmin edilib.

Məhkəmənin növbəti iclası yanvarın 15-nə təyin olunub.

Qeyd edək ki, bu ilin martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib. Görülən tədbirlərlə Narkoloji Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub.

İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən M.Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi mərkəzi tərk etdiyini göstərib. M.Məmmədov Cinayət Məcəlləsinin (CM) 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, eləcə də kompleks məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizalar təyin olunub.

Daha sonra Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev saxlanılıb və barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hər 3 şəxs barəsində CM-nin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Onu da qeyd edək ki, Mərkəzin şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğundan onun cinayət işi ayrıca icraata verilib. O daha sonra dünyasını dəyişib.

Səlcuq Elçin