Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşına müqavimət göstərən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə Open.az-a bildirib ki, Nərimanov Rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobilin sürücüsünün şəxsiyyəti müəyyənləşdirilib və o, saxlanılıb.

Hazırda faktla bağlı Nərimanov rayon Polis İdarəsində müvafiq araşdırma aparılır.

Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin dayanma və durma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərini həyata keçirən əməkdaşlarına qarşı küt və kəsici-deşici alətlərlə hücuma cəhd edilib.

Agentliyin yaydığı rəsmi məlumatda qeyd olunur ki, hadisə ötən gün axşam saatlarında "Gənclik Mall" Ticarət Mərkəzinin qarşısındakı avtobus dayanacaq məntəqəsinin ərazisində baş verib. Dövlət Qeydiyyat Nişanı 10 UP 565 olan Mercedes markalı minik avtomobilinin sürücüsü nəqliyyat vasitəsini avtobus dayanacaq məntəqəsinin ərazisində saxladığından Bakı Nəqliyyat Agentliyi əməkdaşları ona dayanma və durma qaydalarının pozması ilə bağlı xəbərdarlıq edərək ərazini tərk etməsini tələb ediblər. Agentlik əməkdaşlarının qanuni tələbinə əməl etməkdən boyun qaçıran sürücü nalayiq və təhqiramiz ifadələr işlədərək ona qarşı inzibati tənbeh tədbirinin görülməsinə imkan verməyib. Bununla yanaşı o, avtomobilində saxladığı kəsiçi-deşici alətlə Agentlik əməkdaşlarına hücum edib.