Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində 20 Yanvar faciəsinin qurbanları yad edilib.

Open.az xəbər verir ki, tədbirdə 20 Yanvar şəhidlərinin ailə üzvləri, Mədəniyyət Nazirliyinin nümayəndələri, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Səbail tank batalyonunun sabiq komandiri, ” Veteranlar birliyi”nin sədri Milli Qəhrəman Hacı Əzimov, Xalq artisti, bəstəkar Sərdar Fərəcov, Əməkdar artist Aybəniz Haşımova, musiqi və incəsənət məktəblərinin direktorları qonaq qismində iştirak edib.

Məktəbin Böyük zalında faciənin otuzuncu ildönümünə həsr edilmiş “Bitməyən acı” adlı anım tədbiri keçirilib, rəssamlıq şöbəsi şagirdlərinin əl işlərindən ibarət sərgi təşkil edilib.

Məktəb kollektivinin hazırladığı tədbirdə məktəbin direktoru Əziz Qarayusifli, müəllimlər Məsumə Kərimova, Pərvin Səfərli, Sevinc Kərimova, Fəriqə Məmmədzadə çıxışlar edərək bu faciə haqqında öz fikirlərini bölüşdülər. Musiqişünas Nərgiz Kərimova çıxışında bu dəhşətli gecədən keçən 30 ildə xalqımızın yaşadığı və çəkdiyi sarsıntıdan ürəkağrısı ilə danışıb. Tədbir boyu həmin illəri əks etdirən, kollektivin iştirakı ilə lentə yazılan kadrlardan süjetlər göstərilib.

Müəllim və şagirdlərin ifasında (Nurlan Cəfərli (tar): “Segah” muğamı, V.Adıgözəlov –“Qərənfil”; Lalə Hüseynova (xanəndə), Elnur Məmmədovun müşayiətilə “Muğam”; Mədinə Əyyubova (fortepiano): Q.Qarayev –“İnsan məskən salır” kinofilmindən musiqi; Sevinc Kərimova: C.Cabbarlı–“Gərək olmayaydı” - müşayiət Nəbi Quliyev, Samirə Musayeva, Çingiz Absəlimov; Mədinə Şahgəldiyeva (kamança): S.Fərəcov –“Unutma”; Təranə Babayevanın rəhbərliyi ilə hazırlanan instrumental ansambl: C.Cahangirov -“Bayatılar”; “Alov” və “Səbinə” rəqs kollektivlərinin kompozisiyaları) həzin musiqi nömrələri təqdim edilib.

Şəhidlər Xiyabanında müəllim və şagirdlərin iştirakı ilə çəkilən kadrlardan kimi hazırlanan film nümayiş olunub.