Kikboks üzrə beşqat dünya çempionu Ehram Məcidovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Open.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Bəhruz Dilbazinin 18 min maddi, 5 min manat isə mənəvi zərərin ödənilməsi üçün mülki iddia qaldırdığı elan olunub.

Daha sonra prokuror ittiham aktını elan edib.

Ehram Məcidov özünü təqsirli bilməyib.

Zərərçəkmiş B.Dilbazi ifadəsində söyləyib ki, qızının ailəsində problemlər və söz-söhbətlər 2014-cü ildən başlayıb.

Zərərçəkmiş hadisə haqqında danışaraq qeyd edib ki, həmin vaxt E.Məcidov uşaqlarını görməyə gəlib: "Görüş icra məmurlarının yanında oldu. Yanımda yoldaşım da var idi. Bir az keçəndən sonra uşaqlar getmək istədi. Ehram da bildirdi ki, uşaqları babası öyrədir. Mən oturanda üstümə hücum elədi. Sağ əli ilə çiynimdən aşağı sıxdı. Sol əli ilə də sifətimə vurmağa başladı. Müqavimət göstərə bilmirdim. Bir dəfə sağ əlini qabağa uzatdım. Onda da qolum sındı. Əməliyyat olunmuşam. Müalicəmi xaricdə də davam etdirdim. İndi də müalicə alıram. Ağrılardan gecə yata bilmirəm".

B.Dilbazinin sözlərinə görə, E.Məcidov onu "beşbarmaq" adlanan soyuq silahla vurub: "Deyəsən onu corabından çıxartdı".

E.Məcidov isə hadisə zamanı "beşbarmaq"dan istifadə etmədiyini deyib.

Məhkəmənin növbəti iclası fevralın 26-na təyin edilib.

Qeyd edək ki, E.Məcidov "Neftçi” İSM-də kikboks bölməsinin baş məşqçisi olub. O, qayınatası Bəhruz Dilbazini döyməkdə ittiham edilir.

E.Məcidovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Məlumata görə, E.Məcidov 2016-cı ildə həyat yoldaşı Müqəddə Dilbazi ilə boşanıb. Cütlüyün nikahndan bir övladı olub. Uşaq ananın himayəsinə verilib. 2017-ci ildə isə M.Dilbazi məhkəməyə müraciət edərək uşağın xarici ölkəyə aparılmasına icazə verilməsini istəyib. Bununla bağlı E.Məcidovla arvadı arasında uzun sürən məhkəmə çəkişmələri də olub.

Son dövrdə isə E.Məcidov övladı ilə ünsiyyət qurmasına keçmiş həyat yoldaşı və onun valideynləri tərəfindən maneələr yaradıldığını bildirib. İdmançının bununla bağlı müraciətini Binəqədi rayon İcra şöbəsi araşdırıb. Hadisə də şöbənin inzibati binasında baş verib. İcra məmuru Vüqar Alıyevin otağında görüşən tərəflər atanın uşaqla görüşməsi ilə bağlı mübahisə ediblər.

İddiaya görə, E.Məcidovun keçmiş qayınatası B.Dilbazi məmurun otağında onu söyüb və kikboksçu qarşı tərəfə bir yumruq zərbəsi vurub.

Səlcuq Elçin