Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov Şimali Osetiya - Alaniya Respublikasında yeni tamaşa hazırlayıb.

Open.az xəbər verir ki, Bəhram Osmanov Vladimir Txabsayev adına Osetiya Milli Akademik Dram Teatrının səhnəsində yazıçı-dramaturq Əli Əmirlinin “Varlı qadın” pyesinə quruluş verib. Pyes osetin dilinə çevrilib və tamaşanın premyerası çox uğurla keçib.

Tamaşanın təqdimatından sonra Bəhram Osmanova uğurlu tamaşaya görə diplom və təşəkkürnamə ilə birlikdə Osetiya-Alaniya Respublikasının başçısının fərmanı ilə xüsusi diplom, və “Osetiyanın himayədarı ustadı” qızıl medalı təqdim olunub.

Şimali Osetiya - Alaniya Respublikasının Milli Məclisinin deputatı, Heydər Əliyev adına “Azəri” Azərbaycan Milli Mədəniyyət Cəmiyyətinin rəhbəri Fuad Kazımov rejissora təşəkkürnaməni təqdim edib.

Qeyd edək ki, yazıçı-dramaturq Əli Əmirlinin "Varlı qadın" əsəri dünyanın bir çox səhnələrində tamaşa qoyulub.

Ülviyyə Həsənqızı