Bakıda taksi sürücülərinə qarşı quldurluq etməkdə təqsirləndirilən Rəsul Məmmədov və Ramiq Hüsenzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Open.az-ın məlumatına görə, təqsirləndirilən şəxslər barəsində toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə təyin ediləcək.


Qeyd edək ki, hadisə ötən il Müşfiqabad qəsəbəsində baş verib. Qəsəbədə kirayədə yaşayan 22 yaşlı Rəsul Məmmədov otaq yoldaşı, 26 yaşlı Ramiq Hüseynzadə ilə taksi sürücülərini "soymaq" qərarına gəliblər. Onlar iki gün ərzində gecə saatlarında iki avtomobilə müştəri kimi əyləşərək naməlum istiqamətə sürdürüblər. Sonra isə sürücülərə bıçaqla hədə-qorxu gələrək soyğunçuluq ediblər.

Rəsul Məmmədov və Ramiq Hüseynzadə iki avtomobildən ümumilikdə 68 manat pul və 3 ədəd mobil telefon götürərək aradan çıxıblar. Abşeron polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində onların hər ikisi tutularaq istintaqa cəlb edilib.

Səlcuq Elçin