Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən evlərdən birindən oğurluq edilib.

Bu barədə Open.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, naməlum şəxslər evə daxil olaraq oradan müxtəlif firmalara məxsus qızıl-zinət, geyim əşyaları, o cümlədən iki ədəd müvafiq sənədləri olan ov tüfəngi oğurlayıblar. Hadisə zamanı zərərçəkən ev sahiblərinə ümumilikdə 9 000 manata yaxın maddi ziyan dəyib.

Nəsimi Rayon Polis İdarəsi (RPİ) və 20-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Əli Allahverdiyev və Etibar Cabbarov saxlanılıb.

Hadisə günü saxlanılan şəxslər oğurluğa Etibar Cabbarova məxsus “KIA” markalı avtomobillə gediblər. Onlardan mənzildən oğurlanan əşyaların bir qismi aşkar olunaraq maddi sübut kimi götürülüb.

Nəsimi RPİ Cinayət Axtarış Şöbəsi əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat nəticəsində üzərində qanunsuz odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.

Belə ki, İdarəyə Eltun adlı şəxsin üzərində qanunsuz olaraq silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs, İmişli rayon sakini Eltun Məmmədov Nəsimi rayonu ərazisində tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd daraq və 5 ədəd patron aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.