Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, piyada yolla İran İslam Respublikasından gələn bu ölkə vətəndaşı Astara gömrük postunda saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Open.az-a verilən məlumata görə, Yoxlama zamanı onun üzərində qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasada, daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan vətəndaşın tibbi müayinəsi nəticəsində - düz bağırsağından, şəffaf sellofana bükülü 6 ədəd yumru uzunsov formalı bağlama və bir ədəd kiçik ölçülü büküm aşkarlanıb. Baxış zamanı 2 ədəd bağlamada ümumi çəkisi 105 qram təşkil edən narkotik vasitə - heroin, 4 ədəd bağlamada ümumi çəkisi 105 qram təşkil edən psixotrop maddə - metamfetamin və bir ədəd xırda ölçülü bükümdə isə ümumi çəkisi 6 qram təşkil edən narkotik vasitə - tiryək aşkarlanıb.

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Səlcuq Elçin