Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xarici ölkələrdən Azərbaycana idxal edilən yeyinti məhsullarını risk əsaslı ekspertizaya cəlb edir.

AQTA-dan Open.az-a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “TAC” Məhdud Məsuliyyətli Cəmiyyətinin Avstriyadan ölkəmizə idxal etdiyi “Sustain” əmtəə nişanlı qida qatqısından götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarında müayinə edilib.

Aparılan müayinələr nəticəsində mineral suda mezofil aerob və fakultativ-anaerob mikroorqanizmlərin miqdarının normadan çox olduğu, məhsulların qüvvədə olan texniki normativ sənədlərin tələblərinə cavab vermədiyi müəyyən olunub.

Bununla bağlı istifadəyə yararsız “Sustain” əmtəə nişanlı 5 litrlik qablaşdırmada 20 ədəd, ümumi çəkisi 100 kq qida qatqısı məhsulu partiyası “Təhlükəli Tullantılar” poliqonunda Agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.