Ötən gün və bu gün bəzi xəbər saytlarında “Şamaxıda bənd uçdu, kəndi su basdı” başlığı ilə məlumat verilib. Məlumatda qeyd olunur ki, Acıdərə çayından qidalanan balıq gölünün bəndinin uçması nəticəsində ətraf kəndləri, taxıl sahələrini, meyvə bağlarını və kənd yolunu sel aparıb və göl sahibinin iddiasian görə Bakı - Şamaxı - Yevlax yolunda aparılan işlər zamanı ərzində çıxan torpaq gölün yuxarı hissəsinə tökülüb, bu da bəndin uçmasına səbəb olub.

Open.az-ın məlumatına görə, AAYDA məsələ ilə bağlı bildirib ki, baş vermiş hadisənin yolda tikinti aparılamsı ilə heç bir əlaqəsi yoxdur. Belə ki, hal-hazırda Türkiyənin “Kolin İnşaat Turizm Sanayi ve Ticaret A.Ş.” şirkəti tərəfindən “Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci km hissəsinin dörd zolağa genişləndirilməsi” layihəsi çərçivəsində tikinti-quraşdırma işlərini yerinə yetirir.

Magistral avtomobil avtomobil yolunun 105-ci km –də podratçı təşkilat tərəfindən yararsız materialın qazılması və kənarlaşdırılaraq təyin edilmiş sahəyə yığılması davam etdirilir. Podratçı təşkilatın işlədiyi yerlə Acıdərə çay yatağında inşa edilmiş süni gölün arasında 2 km-dən çox bir məsafə vardır.

Qeyd etdiyimiz kimi balıqçılıq gölü Acıdərə çay yatağında yerləşir və kipləşdirilməmiş materialdan, köhnə dəmir beton borulardan inşa edilmişdir. Aprelin 13-də yağan yağış nəticəsində çayda suyun səviyyəsi artmış və çay yatağında olan süni gölün bəndi uçmuşdur.

Bundan başqa çayda suyun səviyyəsinin artması nəticəsində yol təsərrüfatına heç bir ziyan dəyməyib.