Böyük kütləni özünə cəlb edən futbol stadionları, oyundan sonra qalan irihəcmli tullantılarla da mübarizə aparmalı olur. Bu gün dünyanın məşhur idman qurumları və təkrar emal müəssisələri idman tədbirlərindən sonra stadionlarda yaranan tullantıların həcminin azaldılması yollarını araşdırır. Azərbaycanda də bu problem özünü kifayət qədər qabarıq formada göstərir.

Mövzu ilə bağlı Open.az-a danışan “Sumqayıt” futbol klubuna məxsus “Kapital bank Arena” stadionunun rəsmi nümayəndəsi Rəşad Məmmədov bildirib ki, bu vəziyyətə nəzarət etmək üçün stadion rəhbərliyinin imkanı məhduddur: “Bütün stadionlarda bu zibil problemi olur. Daha çox tum, butulka, müxtəlif yeyinti məhsullarından qalma plastik qab və sair vasitələrlə stadionu zibilləyirlər. Amma hər kəsin özünün düşüncə qabiliyyəti var, ona görə bu vəziyyətin qarşısını almaq və ya bunu tənzimləmək üçün hər hansı bir maariflənmə işi aparmaq bəzən nəticə vermir. Ümumiyyətlə, Sumqayıt əhalisi futbola acdır. Yaşından və cinsindən asılı olmayaraq burada hər kəs futbolu çox sevir. Bir faktı qeyd edim ki, “Sumqayıt” klubunun ötən mövsüm evdə keçirdiyi 14 oyunun 13-ü tam dolu stadionda oynanılıb. Yəni başqa stadionlarda buna rast gəlmək olar ki, orada adətən daha çox cavanlar olur, amma bizdə azarkeşin yaş həddi yoxdur”.

Sumqayıt stadionunun qəribə, butulkaya bənzər zibil qutuları...

Rəşad Məmmədov onu da qeyd edib ki, “Kapital Bank Arena”da təmizlik işləri oyun bitəndən dərhal sonra başlamır: “Ümumiyyətlə, burada təmizliklə bağlı xüsusi işçi qrupu var: bu iş də məhz onların yardımı ilə həyata keçirilir. Adətən oyundan bir gün sonra stadion tam təmizlənərək yenidən klubun ixtiyarına verilir. Stadionumuzda həm sektorların qarşısında, həm də giriş hissəsində ümumilikdə 30 ədəd zibil qutusu yerləşdirilib. Bundan əlavə, “Kapital Bank Arena”nın bir neçə hissəsində “xüsusi butulkaya bənzər zibil qutuları da quraşdırılıb. Doğrudur, bu qutuların görünüşü insanlar üçün bir qədər yaddır, buna baxmayaraq, sevindirici haldır ki, quraşdırdığımız bu zibil qutuları stadiona təşrif buyuran fanatları məcbur edir ki, istifadə etdikləri müxtəlif məişət tullantılarını məhz həmin qutulara atsınlar. Bu, çox maraqlı layihədir”.

Kanan Abid

Sumqayıt stadionunun qəribə, butulkaya bənzər zibil qutuları...

Sumqayıt stadionunun qəribə, butulkaya bənzər zibil qutuları...