İspaniyanın "Real Madrid" klubunun futbolçusu Qaret Beylin Uels yığmasına dəvət alması Madrid təmsilçisinin azarkeşləri tərəfindən birmənalı qarşılanmayıb.

Open.az "Eldesmarque" nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı hücumçu klubdan zədəsi ilə bağlı ehtiyatlı olmağı istəsə də, təxmini bərpa vaxtını deməyib. Buna baxmayaraq, Beyl Azərbaycan və Macarıstanla AVRO-2020-nin seçmə oyunlarına çağırılıb.

Onun yanvarda "Real Madrid"dən ayrılmaq istədiyi və bunun üçün belə davrandığı ehtimal olunur. Təcrübəli oyunçu bu gün Türkiyə "Qalatasaray"ı ilə Çempionlar Liqasının qrup mərhələsinin IV tur matçında iştirak etməyəcək.

Qeyd edək ki, noyabrın 16-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan - Uels oyunu saat 21:00-da başlayacaq. Macarıstanla qarşılaşma isə noyabrın 19-da "Kardiff Siti" stadionunda təşkil olunacaq.