"Komanda istədiyi səviyyədə çıxış etmədi. Çox zəif oynadıq. Rəqib bizdən daha istəkli idi. Bizim heç belə matçımız olmamışdı, analiz edib səhvləri aradan qaldıracağıq".

Open.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın II turunda "Sumqayıt"a uduzduqları matçdan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, Anton Krivotsyuk çox səhvlər edir: "Onun psixoloji problemi olduğunu düşünmürəm. Sadəcə səhvlər edirik, futbolçular daha çox meydanda qaçmalıdır, yalnız keyfiyyətə görə qələbə qazanmaq olmur".

F.Məmmədov məğlubiyyətin xoş olmadığını sözlərinə əlavə edib: "Bütün tapşırıqlar qələbə üçün verilmişdi, səhvlər edəndə rəqiblər istifadə edir. Avropa Liqasında "Qalatasaray"la matça qələbə üçün çıxacağıq".

Baş məşqçi "Qalatasaray"la matçın Bakı Olimpiya Stadionuna salınmasınln səbəblərindən biri kimi "Bakcell Arena"nın ot örtüyünün yetəri qədər yaxşı olmamasını göstərib".

Mütəxəssis əvəzləndiyinə görə ona etiraz edən seneqallı müdafiəçi Mamadu Mbocun səhvlərini başa düşdüyü deyib: "Onunla matçdan sonra danışdıq. Futbolçunu da başa düşürəm, səhvini anladı. Cəzalandırmayacağıq, onun əzələsində problem var idi. Hazır olduğunu dedi və mən də meydana buraxdım. Epizodlara çatdırmışdı, əvəzlədik ki, hazır olan digər müdafiəçi Stankoviç oynasın".