“Qrupumuzda yer alan komandalardan ikisi ilə bu il artıq qarşılaşmışıq. Söhbət Rusiya və Slovakiyadan gedir. Rusiya ilə sentyabrda “Caspian Cup” beynəlxalq turnirdə, Slovakiya millisiylə oktyabrda DÇ-2020-nin əsas mərhələsinin oyununda gücümüzü sınamışıq".

Open.az-ın məlumatına görə, bu fikirləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva DÇ-2020-nin elit-raundunun püşkünü dəyərləndirərkən deyib.

Braziliyalı mütəxəssis C qrupunda Rusiya millisini favoriti hesab edib: "Slovakiya və Xorvatiya isə ikinci yer uğrunda mübarizə aparacaq. Rəqiblərimizi ayrı-ayrılıqda xarakterizə etsək, deyərdim ki, Rusiya millisi daim dünya və Avropa çempionatlarının final mərhələsində oynamağa alışıb. Təbii ki, yenidən bu vəsiqəyə sahib çıxmaq üçün hazırlaşacaqlar. Xorvatiya isə oyunları doğma məkanda keçirəcək. Bu, onlar üçün əlavə üstünlük olacaq. Slovakiyanı ötən ay Bakıda məğlub etsək də, güclü rəqib olduqlarını qeyd etməliyəm. Ümumiləşdirsək, rəqiblərimizlə mübarizə aparmaq olar”.

51 yaşlı məşqçi hazırlıq planı ilə bağlı bunları söyləyib: “Normal qrupda yer almışıq. Komandaların hər birinin bu vəsiqəni qazanmaq şansı var. Artıq kimin necə hazırlaşmasından çox şey asılıdır. Yaxın günlərdə futzal federasiyasının prezidenti Zaur Axundovla görüşəcəyəm və hazırlıq planını ona təqdim edəcəyəm. Dekabrda FİFA-nın oyun pəncərəsi var. Bundan istifadə etmək istərdik. Amma yanvarda uzunmüddətli toplanış təşkil etməli və bir neçə yoldaşlıq oyununda gücümüzü sınamalıyıq. Ona qədər heyətimizi də tam komplektləşdirməliyik. Zədəli oyunçularımızdan Kardoso Everton artıq sağalıb və komandasının oyunlarında iştirak edir. Hətta ötən gün qol da vurub”.

Şanslarla bağlı da danışan Joze Alesio final mərhələsinə vəsiqə qazanmağın vacib olduğunu sözlərinə əlavə edib: "Bunu qrup birincisi kimi bacaracağıq, yoxsa pley-off yolu ilə edəcəyik, oyunlar və nəticələr göstərəcək. Bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Vacib olan düzgün, yaxşı hazırlıq keçmək və futzalçılarımızın zədədən uzaq olmasıdır”.

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2020-nin elit-raundunda Rusiya, Slovakiya və Xorvatiya yığmaları ilə qarşılaşacaq.