İspaniyanın "Valensiya" klubu baş məşqçi Albert Selades və idman direktoru Sesar Sançesi istefaya göndərib.

Open.az-ın məlumatına görə, bu qərar La Liqanın XXXII turunda səfərdə "Vilyarreal"a 0:2 hesablı məğlubiyyətlə nəticələnən oyundan sonra verilib.

Beləliklə, "yarasalar"da mövsümdə ikinci dəfə baş məşqçi istefası gerçəkləşib. 45 yaşlı mütəxəssis 2019-cu ilin sentyabrında Marselinonu əvəzləmişdi. Seladesin rəhbərliyi altında "Valensiya" son 13 matçdan yalnız 2-də qələbə qazanıb və avrokuboklarla vidalaşıb.

Mövsümün sonunadək baş məşqçi vəzifəsinin icrası 2002-ci ildən məşqçilər heyətində yer alan və bu vəzifəni 4 dəfə müvəqqəti yerinə yetirmiş Voroya tapşırılıb.

38 yaşlı Sançes isə idman direktoru vəzifəsinə yanvarın 20-də təyin olunmuşdu. O, 2009 - 2011-ci illərdə "Valensiya"nın, əvvəllər isə bir sıra klubların, o cümlədən, "Real Madrid"in qapıçısı olub, İspaniya millisinin heyətində 1 oyuna çıxıb.

Qeyd edək ki, 32 turdan sonra "Valensiya" 46 xalla 8-ci pillədə qərarlaşıb.