Əfsanəvi türkiyəli futbolçu Emre Belözoğlu əvvəllər Superliqada heç kimin bacarmadığı fenomenal nailiyyətə imza atıb.

Open.az-ın məlumatına görə, sentyabrın 7-də 40 yaşı tamamlanacaq yarımmüdafiəçi dörd onillikdə qol vurmağı bacaran ilk oyunçu ünvanına sahib çıxıb.

O, 1990-cı və 2000-ci illərdə "Qalatasaray"da (1996 - 2001: 14 qol), 2010-cu illərdə "Fənərbağça"da (2008 - 2012 və 2013 - 2015: 26 qol) və "Başakşehir"də (2015 - 2019: 11 qol) fərqlənmişdi. Bu gün isə Belözoğlu XXXI turun "Gənclərbirliyi" ilə səfər qarşılaşmasında bərabərlik qoluna (1:1) imza ataraq, 2020-ci illərə damğasını vurub.

Türkiyə yığmasında ümumilikdə 101 oyuna 9 qol vuran Emre Superliqada 384 matçda 52 dəfə fərqlənib. O, habelə İtaliya "İnter"i (114 oyun, 5 qol), İngiltərə "Nyukasl"ı (82 oyun, 6 qol) və İspaniya "Atletiko"sunda (17 oyun, 2 qol) legioner həyatı yaşayıb.