İspaniyanın “Albasete” klubundan Azərbaycan milli komandasına dəvət olunmuş Eddi İsrafilov AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində noyabrın 16-da “Bakcell Arena”da Uels oyununda iştirak edə bilməyəcək.

Open.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, onun əvəzinə millinin heyətinə “Zirə” klubundan Elvin Camalov çağırılıb.

İsrafilovun milliyə dəvət olunması barədə prosedura uyğun qaydada “Albasete”yə göndərilmiş müraciət məktubu ilə bağlı texniki problem yarandığı üçün klub futbolçunun noyabrın 17-dən etibarən Azərbaycan milli komandasının düşərgəsinə qoşula biləcəyini bildirib.

Məsələ ilə bağlı AFFA tərəfindən FIFA-ya müvafiq qaydada məlumat verilib.

İsrafilov millinin noyabrın 19-da səfərdə Slovakiya yığmasına qarşı keçirəcəyi oyun üçün təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcək.