Bu gün futbol dünyada ən populyar idman növüdür. Böyük kütlələrə xitab edən bu idman növünün populyarlığı bir çox ölkə rəhbərlərini və futbol adamlarını nəhəng stadionlar inşa etdirməyə sövq edib.

Open.az tamaşaçı tutumuna görə dünyanın ən böyük futbol arenalarının TOP-10 siyahısını artan tutum sırası ilə təqdim edir.

“Solt Leke Stadium” stadionu (Kəlküttə, Hindistan)

Tutumu: 85.000 tamaşaçı

Daha çox futbol oyunları üçün istifadə olunmasına baxmayaraq, bu stadion müxtəlif tipli tədbirlərə ev sahibliyi edir. Almaniyanın məşhur qapıçısı Oliver Kan “Bavariya” klubundaki son matçını məhz bu stadionda keçirib. 1987-ci ildə keçirilən Cənubi Asiya Oyunları da “Salt Lake Stadium”da baş tutub.

Dünyanın ən böyük futbol stadionları – TOP 10

“Burj-əl-Ərəb” stadionu (İsgəndəriyyə, Misir)

Tutumu: 86.000 tamaşaçı

Bu stadion Misirin ən böyük, Afrikanın isə ikinci ən böyük stadionudur. 2009-cu ildə keçirilən U20 Dünya çempionatına ev sahibliyi etmək istəyən Misir hökuməti stadionu da məhz bu məqsədlə tikdirmişdi. Buna baxmayaraq, arenada turnirin yalnız bir matçı – Misir və Trinidad və Tobaqo milliləri arasındaki açılış oyunu baş tutdu. Bundan əlavə, çempionatın açılış mərasimi də “Burjəl-Ərəb”də keçirildi. Stadionda 2 məşq meydançası, 32 restoran, 86 ayaqyolu və oyunçular üçün nəzərdə tutulmuş ümumilikdə 200 çarpayısı olan otel mövcuddur.

Dünyanın ən böyük futbol stadionları – TOP 10

“Estadio Azteca” stadionu (Mexiko, Meksika)

Tutumu: 87.523 tamaşaçı

“Estadio Azteca” iki Dünya çempionatı finalına ev sahibliyi etmiş yeganə stadiondur. Dieqo Maradona və Pele son kuboklarını məhz bu stadionda qaldırıblar. Arena dünyada sırf futbol üçün nəzərdə tutulmuş ən böyük stadion hesab edilirdi, lakin aparılan yenidənqurma işləri nəticəsində “Estadio Azteca”nın tamaşaçı tutumu 87.000-dək azaldıldı.

Dünyanın ən böyük futbol stadionları – TOP 10

“Gelora Bung Karno” stadionu (Cakarta, İndoneziya)

Tutumu: 88.803 tamaşaçı

Stadion İndoneziyanın ilk prezidenti Sukarnonun şərəfinə adlandırılıb. 1962-ci ildə istifadəyə verilən stadionun daxilində tennis meydançası, qapalı idman zalı, atıcılıq meydançası, su hovuzu, softbol və xokkey meydançaları mövcuddur.

Dünyanın ən böyük futbol stadionları – TOP 10

Bukit Cəlil” milli stadionu (Kuala Lumpur, Malayzia)

Tutumu: 89.411 tamaşaçı

1998-ci ildə Malayziya Mühəndislər Birliyinin inşa etdiyi stadion ilkin olaraq həmin ildə keçirilən Birlik Oyunları üçün nəzərdə tutulsa da, hazırda müxtəlif məqsədlər üçün istifadə edilir və Cənub-Şərqi Asiyanın ən böyük futbol arenası hesab olunur.

Dünyanın ən böyük futbol stadionları – TOP 10

“Vembley” stadionu (London, İngiltərə)

Tutumu: 90.310 tamaşaçı

Bu stadionun tikintisinə 800 milyon funt sterlinq xərclənib ki, bu da onu dünyanın ən bahalı stadionu edir. Futboldan başqa “Vembley” tez-tez reqbi yarışları və müxtəlif tipli konsert proqramları üçün də istifadə edilir.

Dünyanın ən böyük futbol stadionları – TOP 10

“Rouz Bovl Stadium” stadionu (Pasadena, ABŞ)

Tutumu: 92.542 tamaşaçı

Kaliforniya ştatının Pasadena vilayətində yerləşən bu stadion 1922-ci ildə istifadəyə verilib. “Rouz Bovl” ABŞ-da daha çox kollec futbolu turnirlərinin təşkil edilməsi ilə məşhurdur. 1994-cü il futbol üzrə Dünya çempionatı və 1999-cu il qadın futbolçular arasında Dünya çempionatı finallarına ev sahibliyi etməklə arena futbol stadionu statusu qazanıb.

Dünyanın ən böyük futbol stadionları – TOP 10

“FNB Stadium” stadionu (Yohannesburq, Cənubi Afrika)

Tutumu: 94.736 tamaşaçı

Tam adı “İlk Milli Bank” mənasını verən stadion sponsor şirkətlə bağlanmış müqaviləyə əsasən bu cür adlandırılıb və hazırda Afrikanın ən böyük stadionudur. Nelson Mandela həbsdən azad edildikdən sonra ilk nitqini məhz bu stadionda səsləndirib.

Dünyanın ən böyük futbol stadionları – TOP 10

“Camp Nou” stadionu (Barselona, İspaniya)

Tutumu: 99.354 tamaşaçı

“FC Barcelona” klubunun ev oyunlarını keçirdiyi “Camp Nou” 1957-ci ildə inşa edilib və Avropanın ən böyük stadionudur. Əslində stadionun orijinal adı 2000-ci ilə qədər “Estadi del FC Barcelona” idi. Lakin həmin ildə azarkeşlər arasında keçirilmiş səsverməyə əsasən stadionun adı dəyişdirilərək “Camp Nou” adlandırıldı. Əfsanəvi futbol matçlarından əlavə, “Camp Nou” Maykl Cekson, U2 qrupu, Stinq və s. kimi məşhurları da qəbul edib.

Dünyanın ən böyük futbol stadionları – TOP 10

“Rungrado Mey Dey Stadium” stadionu (Pxenyan, Şimali Koreya)

Tutumu: 150.000 tamaşaçı

Bu arena dünyada futbol üçün istifadə olunan ən böyük stadiondur. Hazırki Şimali Koreya lideri Kim Çen Inın atası Kim Çen Ilə qarşı sui-qəsddə təqsirləndirilən bir çox şimali koreyalı ordu generalı məhz bu stadionda diri-diri yandırılıb. Arena təkcə futbol yarışlarına yox, həmçinin bir sıra mədəni tədbirlərə də ev sahibliyi edir.

Dünyanın ən böyük futbol stadionları – TOP 10

Kənan Abid