Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha 2 ilk oyunu keçiriləcək.

Open.az xəbər verir ki, "Report"un məlumatına görə, qarşılaşmalar Premyer Liqada fasiləyə ön pillələrdə çıxmış komandaların iştirakı ilə təşkil olunacaq.

Əvvəlcə "Bakcell Arena"da "Neftçi""Sumqayıt" komandaları üz-üzə gələcək. Bu kollektivlər ötən mövsüm də eyni mərhələdə görüşüblər. Həmin vaxt "gənclik şəhəri" təmsilçisi iki oyunun nəticəsində (0:2, 1:0) uduzaraq, mübarizəni dayandırmalı olub. Başqa sözlə, hər iki komanda səfərdə qalib gəlib, evdə oynayan tərəf qol vurmayıb. Bu mövsüm isə çempionat qarşılaşmalarında flaqman hər iki matçdan qalib ayrılıb - 2:1, 4:2. 14 turdan sonra "Neftçi" 25 xalla 2-ci, "Sumqayıt" 18 xalla 4-cü pillədə qərarlaşıb.

Günün son matçı isə Tofiq Bəhramov adına Respublika Stadionunda "Qarabağ""Keşlə" komandaları arasında keçiriləcək. Ağdam komandası çempionatda mövsümün ilk yarısını 31 xalla lider, paytaxt təmsilçisi isə 23 xalla 3-cü pillənin sahibi kimi başa vurub. Amma "Keşlə" son illərin çempionuna ciddi müqavimət göstərməyi bacarıb - 0:1, 2:2. İndiyədək iki klub arasında ölkə kubokunda 9 görüş keçirilib. Bunların 5-də "Qarabağ", 2-də "Keşlə" qələbə qazanıb, daha 2 matç heç-heçə ilə yekunlaşıb. Yubiley oyunu öncəsi top fərqində Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv öndədir - 11:6.

Ötən mövsüm də bu komandalar 1/4 finalda qarşılaşmışdılar. Həmin vaxt "Qarabağ" iki oyunun nəticəsində (1:0, 1:1) mərhələ adlamışdı. Ümumilikdə isə iki klubun ölkə kubokunda yolları 5 dəfə kəsişib. 3 dəfə “Qarabağ”, 2 dəfə “Keşlə” duelin qalibi olub. Son 5 görüşdə bakılılar qələbə qazanmayıb.

Azərbaycan Kuboku

16 dekabr (bazar ertəsi)

18:00. “Neftçi” – “Sumqayıt”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: İlham Əliyev

“Bakcell Arena”

20:00. “Qarabağ” – “Keşlə”

Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Nicat İsmayıllı

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Tofiq Bəhramov adına Respublika Stadionu.