İspaniya "Barselona"sının futbolçusu Ansu Fati bundan sonra müntəzəm olaraq əsas komandada çıxış edəcək.

Open.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 18 yaşlı hücumçuya 400 milyon avro qiymət qoyub.

Qvineya əsilli ispaniyalı forvardın əvvəlki qiyməti 170 milyon avro idi. Fati əsas komandada 22 nömrəli forma ilə mübarizə aparacaq. Daha əvvəl bu nömrə İtaliya "İnter"inə keçən Arturo Vidala məxsus idi.

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Ansu Fati 2019/2020 mövsümündə komandanın heyətində 24 oyunda meydana çıxıb. O, 7 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Fatinin La Liqa təmsilçisi ilə 2022-ci ilədək müqaviləsi var.