Futbol üzrə Azərbaycan Premyer Liqasında yeni mövsüm avqustun 15-24-ü aralığında start götürə bilər.

Open.az xəbər verir ki, Peşəkar Futbol Liqası və AFFA hazırda bununla bağlı məsləhətləşmələr aparır. Cari mövsümü vaxtından əvvəl yekunlaşdıran hər iki qurum gələn çempionatı o qədər də yubatmaq fikrində deyil.

Yenə də hər şey Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından asılıdır. Hazırkı qərara əsasən, ölkə ərazisində xüsusi karantin rejimi avqustun 1-dək qüvvədədir. Bu müddət uzadılmasa, Premyer Liqa klubları göstərilən tarixdə yenidən məşqlərə başlaya biləcəklər. Artıq onlara şifahi şəkildə bildirilib ki, hazırlıq planlarını buna uyğun şəkildə qursunlar.