"Neftçi"yə "Qalatasaray"la matçda uğurlar arzulayıram. İstərdim ki, növbəti mərhələyə vəsiqə qazansınlar. Biz Avropa Liqasında mübarizəni dayandırdıq, fasilə komandaya yaradı. Heyətdə yeni oyunçular var. Yavaş-yavaş formaya düşürük. Rəqibin son iki matçını analiz etmişdik, boşluqlardan istifadə edə bildik. Azarkeşləri təbrik edirəm və futbolçulara təşəkkür edirəm ki, taktikanı düzgün yerinə yetirdilər".

Open.az xəbər verir ki, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın II turunda "Neftçi"ni səfərdə 2:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, zədələnən Mehdi Cənnətovun durumuna sabah aydınlıq gələcək: "Ehtiyat qapıçı Aydın Bayramova çox şans vermək istəyirik, bu gün sübüt etdi ki, ölkədə gənc qapıçı yetişir".

Abbasov Rəhim Sadıxovu ehtiyatda saxlaması barədə bunları söyləyib: "Biz Rəhimi buraya gətirəndə ona inanmışdıq. Əgər hansısa, baş məşqçi kənarda yazılanlara fikir versə, bu, onun zəifliyidir. Rəhim millidən gələndə çox yorğun idi. Onun yerində oynayanlar da çox yaxşı çıxış etdilər. Məni sevindirir ki, komandamda rəqabət var".

Baş məşqçi rəqib haqqında çox danışmaq istəməyib: "İnanıram ki, "Neftçi"nin "Qalatasaray"la oyunu tamam fərqli olacaq. Bəlkə də İstanbul klubunu fikirləşmələri onlara mane oldu. İnanıram ki, Türkiyə təmsilçisinə qarşı daha yaxşı oynayacaqlar".

Abbasov hücumçu Əli Qurbaninin oyun ərzində özünü bilərəkdən yerə atmadığını sözlərinə əlavə edib: "Ona dəyən zərbələr kimə dəysəydi, daha çox səs çıxarardı".

Baş məşqçi "Sumqayıt"dan yığmaya çağırılan oyunçular barədə bunları bildirib: "Məni üzən o oldu ki, onlar çox müzakirə edildi, əsasən də Elvin Bədəlov. Elvin sübut edib ki, futbol oynaya bilir".

Abbasov klubun büdcəsi ilə bağlı yayılan xəbərlər barədə bunları deyib: "Bizim öz büdcəmiz var. Klubun himayədarları qarşımıza da böyük məqsəd qoymayıb. Gənc yerliləri və kənardakı azərbaycanlıları yığırıq. İlk turdan sonra demişdim ki, səbrli olun. Düzdür, digər komandalarla müqayisədə büdcəmiz az ola bilər. Amma bizə nə söz verilibsə, yerinə yetirilib. Mənə görə, büdcə ilə nəticə olmur. Büdcən çoxdursa, o demək deyil ki, çempion olacaqsan. Azərbaycanda üçqat büdcəsi olub Avropa Liqasında bir mərhələ keçə bilməyən komanda olub. Amma "Qarabağ" az büdcə ilə pley-offa qədər gedib. Çempionlar Liqasında qrupa elə komandalar düşür ki, rəqibləri ilə müqayisə oluna bilməz. Hər bir klubun öz məqsədi olmalıdır".