"Yaxşı oynadıq, son anda qol buraxmağımız bizi üzdü. Bizi sevindirən çox məqam var. Əzmkar çıxışımızı vurğulayıram. Aydın Bayramovun çıxışını xüsusi vurğulayıram. O, əsas heyətə layiqdir".

Open.az-ın məlumatına görə, bunları "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov evdə "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının IV tur matçından sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, ötən mövsüm də çempionatda liderlik etdikləri vaxtlar olub. O, komandanın gücünü yavaş-yavaş artırdıqlarını söyləyib.

Abbasov Cavid İmamverdiyevi təcrübəsi və top saxlaması səbəbindən meydana buraxdığını vurğulayıb: "Cavidə vaxt lazımdır. Onun bizə kömək edəcəyinə inanıram. Hücum xəttində bir Əli Qurbanimiz var".

Baş məşqçi oyun zamanı İsmayıl İbrahimliyə qırmızı vərəqə göstərilməsinin vacibliyini söyləyib: "Eşitdiyimə görə, Hakimlər Komitəsinin sədri Frits Ştuxlik məşqçiləri daha çox müzakirə edir. Xətti tapdadığımızı qabardır. Amma hakimlərə də diqqət yetirməlidir. O epizodda qırmızı vərəqə göstərilməli idi".

Baş məşqçi Şimali Makedoniya "Şkendiya"sına rəqibin güclü olması səbəbindən uduzduqlarını söyləyib. O da Qurban Qurbanov kimi 1 xal qazandıqlarını vurğulayıb: "İki xal itirdiyimizi deməyək. Bu böyük-böyük danışmaq olardı".