UEFA Avropa Liqasında mövsümün yarımçıq qalmış bölümü bərpa olunub.

Open.az-ın məlumatına görə, ilk olaraq, 1/8 final mərhələsinin iki cavab görüşü keçirilib.

Türkiyənin yeganə təmsilçisi "Başakşehir" Danimarkada "Kopenhagen"in qonağı olub. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Hesabı 4-cü dəqiqədə Yonas Vinn açıb. 52-ci dəqiqədə Vinn dəqiq penalti zərbəsi ilə "dubl" edib. Matçda son nöqtəni isə 62-ci dəqiqədə Rasmus Falk qoyub.

Beləliklə, Türkiyə klubu iki görüşünün yekunu olaraq, mübarizəni dayandırıb. Martın 12-də keçirilmiş ilk matçda "Başakşehir" 1:0 hesabı ilə qalib gəlmişdi.

Mərhələni adlayan digər komanda isə Ukrayna "Şaxtyor"u olub. Donetsk klubu Kiyevdəki cavab görüşündə Almaniya "Volfsburq"unu yenib - 3:0. Hesabı 89-cu dəqiqədə Junior Moraeş açıb. 90+1-ci dəqiqədə isə Manor Solomon fərqlənib. 90+3-cü dəqiqədə isə Moraeş son nöqtəni qoyub. İlk görüşdə də "Şaxyor" qələbə qazanmışdı - 3:1.